Balkan ölkələrinin vəziyyəti

“İgidlərim, bu gün sizin sevginizlə bu Kosova meydanı titrəyir, Allahın izni ilə, müzəffər şəkildə dalğalanacaq şanlı bayrağımızın Macarıstanın içinə doğru hərəkət etməsini bundan sonra heç bir düşmən həmləsi durdura bilməyəcək.”
Murad Xudavəndigarın Kosova meydan müharibəsində əsgərlərinə söylədiyi nitqdən

 

Balkan yarımadasında bu günə qədər baş verənlər və gələcəkdə ehtimal edilən hadisələr haqqında doğru fikir əldə etmək və hadisələri düzgün qiymətləndirmək üçün  Türkiyənin tarixən bölgə ilə əlaqələrini doğru müəyyən etmək lazımdır. Bunun üçün türklərin Balkan ölkələrinə gəlişi qədər bu torpaqlardan nə şəkildə və nə məqsədlə çıxarıldığını da yaxşı anlamaq lazımdır.


Süleyman paşanın rəhbərlik etdiyi Osmanlı ordusunun 1353-cü ildə Çanaqqala boğazını keçib Rum torpaqlarını fəth etməsi ilə türklər Balkan yarımadasına ilk addımı atdılar. 1389-cu ildəki Kosova döyüşü isə bir tərəfdən serbləri tarixi məğlubiyyətə məhkum edərkən digər tərəfdən Balkan yarımadasında Osmanlının yenilməz güc olduğunu göstərdi. 1521-ci ildə Qanuninin Belqradı ələ keçirməsi ilə, demək olar ki, bütün Balkan yarımadası türklərin hakimiyyəti altına keçdi. Ancaq bu, türklərin Balkan torpaqlarında ilk hakimiyyəti deyildi.


Əslində ilk dəfə bu əraziyə gələn türklər hunlar idi. Ancaq Balkan yarımadasına Bizansı məğlub edərək Qərbi Roma tərəfdən daxil olan hunlar bu bölgədə uzunmüddətli hakimiyyət qura bilməmişdilər. Hunlardan sonra avar türkləri Balkan yarımadasında geniş torpaqlar fəth edərək təqribən 250 il davam edən dövlət qurdular. Ancaq avarlar  VIII əsrin sonunda xristianlığı qəbul edərək slavyanlaşdılar və tarixdən silindilər. Avarlardan sonra köçəri türk tayfalarının Balkan yarımadasına axını davam etdi. Ancaq zaman ərzində slavyanlar arasında assimilyasiyaya məruz qaldılar.


Osmanlılar isə heç vaxt assimilyasiyaya məruz qalmayıblar. Əksinə, fəth etdikləri hər bölgəyə öz kimliklərini gətiriblər. Bunun ən böyük səbəbi İslam dinidir. Türklər güclü sivilizasiyaya malik olmadıqlarına görə fəth etdikləri torpaqlarda həm hərbi, həm də mədəni cəhətdən davam gətirməmişdilər. Halbuki İslamın qəbul edilməsindən sonra türklər “assimilyasiyaya uğrayan” deyil, “assimilyasiya edən” millətə çevrildi. Buna dair ən bariz nümunələrə Osmanlı tarixində rast gəlirik.


Osmanlılar İslam sayəsində Balkan torpaqlarında qala bildilər. Balkan yarımadasında Sultan Süleyman Qanuninin Belqradı ələ keçirməsi ilə möhkəmlənən Osmanlı hökuməti bölgədəki müxtəlif xristian xalqların zaman ərzində öz istəkləri ilə İslam dininə qəbul etməsinə səbəb oldu. Habelə, Osmanlı hökuməti bölgəyə əsrlərlə davam edən sabitlik və sülh gətirdi. Din, dil və milli cəhətdən çox qarışıq quruluşa malik olan Balkan torpaqlarında Osmanlı idarəçilik metodu bütün bu fərqləri qaynaşdırma prinsipinə əsaslanırdı. Balkan yarımadasının müxtəlif mədəni irsə malik xalqları ancaq Osmanlı dövründə birlikdə sülh və əmin-amanlıq içində yaşadılar.


Bu tarixi həqiqət Osmanlı arxivlərindəki sənədlərdə öz əksini tapır. Prof. İsmet Miroğlunun “Türklərdə insanpərvər dəyərlər və insan haqları” adlı əsərində isnad etdiyi sənədlər Balkan xalqlarının Osmanlı hökumətindən razı olduğunu  göstərir. 12 fevral 1867-ci ildə yazılmış bir sənəddə bulqar millətinin Osmanlı hökumətindən razı olduğu belə ifadə edilir:


Bolqar millətinin mənsubları beş yüz ildən etibarən Osmanlının hakimiyyəti altında xoşbəxt yaşayır. Bu müddət ərzində mal, can və dinləri fitnə-fəsadçıların və pisliyin tərəfdarlarının təcavüzündən mühafizə edilmişdir. Halbuki digər ölkələrdə yaşayan gücsüzlər və kasıblar varlıların hücumuna, zülmünə, habelə hər cür haqsızlığa məruz qalırlar. Lakin Osmanlının hakimiyyəti altında yaşayan güclülər tərəfindən gücsüzlərə heç bir şəkildə əziyyət olunmamış, güclülər və zəiflər dövlətin bəxş etdiyi ədalət və haqlardan eyni nisbətdə faydalanmışlar. Osmanlının hakimiyyəti altındakı xristianlar arasında din və məzhəb fərqi qoymadan hamısına bərabər münasibət göstərilmişdir.


Sözügedən sülh və sabitlik XIX əsrin əvvəlində qərb qüvvələri tərəfindən bu torpaqlarda azadlıq hərəkatlarına təşviq edərək alovlandırmasına qədər davam etdi. XIX əsr boyu xarici qüvvələrin təhriki ilə bölgədəki qeyri-müsəlman təbəə arasında qiyamlar başladı. Qiyamların ilk siyasi nəticəsi Yunanıstanın 1829-cu ildə müstəqilliyini elan etməsi oldu.


Başda serblər olmaqla qeyri-müsəlman xalqlar arasındakı qiyamlarda Rusiyanın istiqamətləndirdiyi panslavizm hərəkatı güclü idi. Məlum olduğu kimi, bu cərəyan slavyan xalqının üstünlüyünü,  mədəni və siyasi cəhətdən birlikdə hərəkət etməli olduğunu irəli sürürdü. Xüsusilə Osmanlı torpaqlarında yaşayan slavyan mənşəli xalqların milliyyətçilik hissləri qabardılaraq Osmanlının əleyhinə fəaliyyət göstərməyə təşviq edilirdilər.


Bu cərəyandan təsirlənən bəzi xalqlar da daha rahat həyat ümidi ilə Rusiyaya köçürdü. Ancaq qısa müddətdə nə qədər çox yanıldıqlarını anlamağa başladılar. Panslavizm təbliğatından təsirlənərək  Rusiyaya köçən bolqarların 30 yanvar 1862-ci ildə Osmanlı dövlətinə qayıtmaq üçün padşaha yazdıqları bir məktub peşmançılıqlarını açıq şəkildə göstərir. Bu məktub bir tərəfdən bolqarların Osmanlı torpaqlarından köçdükləri üçün dərin peşmançılığını ifadə edir, digər tərəfdən Osmanlının qərb qüvvələri tərəfindən təmin edilə bilməyən ədalət və dövlətçilik anlayışını göstərir:


Əcdadımız Osmanlının hakimiyyəti altında rahat və hər cür nemət və ədalətlə dolu həyat yaşadığımız halda, biz Rusiyaya getməklə, təəssüf ki, bir tələyə düşdük. Saf insanlar olduğumuz üçün əleyhimizdə planlaşdırılan bu hərəkatın nəticəsini düşünmədik və bu işi qəsdən etmədik... Gecə-gündüz peşmançılıqdan doğan göz yaşları tökürük. Lakin burada heç kim üzümüzə baxmır... Bizim kimi aldadılan bolqar həmyerlilərimizlə birlikdə bağışlanaraq yenidən Osmanlı torpaqlarına qayıtmağımızı xahiş edirik.


Osmanlı dövründəki sabitlik və bütövlük bölgəyə sülh gətirmiş, həm bölgə xalqının həyat səviyyəsini yüksəltmiş, həm də xarici qüvvələrin hücumlarına qarşı bütün millətləri ortaq müdafiə üçün birləşdirmişdi. Buna görə istər Osmanlıdan, istərsə də Balkan xalqlarının birliyindən çəkinən xarici qüvvələr uzun müddət bu bölgəyə yaxınlaşmamışdılar.


Ancaq əsrin son rübündə Rusiyanın və qərb ölkələrinin torpaq ehtirasları yenidən gücləndi. 1877-1878-ci  illərdə Osmanlı-Rus müharibəsindən sonra 1878-ci ildə təşkil olunmuş Berlin konqresi ilə Balkan yarımadasındakı Osmanlı torpaqlarının böyük hissəsi əlindən çıxdı. Bolqarıstanın böyük hissəsi Osmanlı hökumətindən ayrıldı. Ruslar Bessarabiyanı ələ keçirdilər. Serbiya, Qaradağ və Rumıniya müstəqil dövlətlər oldular. Bosniya və Hersoqovina isə Osmanlının hakimiyyəti altında qalmaqla “nəzəri cəhətdən” Avstriya-Macarıstanın torpaqlarına çevrildi. Digər tərəfdən, Kipr və Süveyş də ingilislərə verildi. Berlin konqresindən əvvəl və sonra Osmanlının parçalanması və bölüşdürülməsi dövrün Avropa ölkələrinin və Rusiyanın xarici siyasətinin hədəfi oldu. Qərb ölkələri üçün Avropa ilə Asiya arasındakı strateji Osmanlı bölgələri xüsusi əhəmiyyət daşıyırdı. Bu məqsədlə müxtəlif dil, millət, din və etnik mənşədən ibarət Balkan xalqlarını bəzi milliyətçi xəyallara salıb təşviq etmək heç də çətin olmadı. Osmanlı dövründə qaynayıb-qarışmış, sakit həyat yaşayan bu xalqlar – serblər, bolqarlar, yunanlar – müxtəlif təşviqat yolları ilə separatçı və partizan qruplara çevrildilər.


Əslində Balkan xalqları qısa müddətdə Avropa dövlətlərinə və ruslara güvənməklə ən böyük səhvlərindən birini edirdilər. Çünki Osmanlının hakimiyyətindən çıxmaqla müstəqil və güclü dövlətə çevriləcəklərini güman edən Balkan xalqları üçün əsl problemlər yeni başlayacaqdı. Eynilə Osmanlıdan əvvəl olduğu kimi, Balkan xalqları yenidən parçalanacaq və illərlə birlikdə, dostcasına yaşayan icmalar bir-birilə döyüşməyə başlayacaqdı. Balkan ölkələrinin Osmanlıya qarşı başladıqları Birinci Balkan müharibəsindən sonra öz aralarında anlaşılmazlığa düşüb İkinci Balkan müharibəsinə başlamaları bu tarixi həqiqətin ən açıq sübutu olacaqdı.

 

Birinci Dünya Müharibəsindən sonra Avropa dövlətlərinin masa arxasında müəyyən etdikləri süni sərhədlərə malik dövlətlər yaxınlaşan böyük fırtınanın xəbərçisi idi. İkinci Dünya Müharibəsində tamamilə alman və italyan ordularının işğalı altında qalan və daxili müharibələrlə çalxalanan Balkan ölkələri müharibədən sonra kommunist sovet rejiminin idarəsinə daxil edildilər. Kommunist hökumətlərin tabeçiliyində illərlə təzyiq, zorakılıq və işgəncəyə məruz qalan, dinlərinə maneçilik törədilən Balkan millətləri çox əziyyət çəkdi.  Kommunist rejimin diktator idarəçiliyi ilə pərdələnən etnik qarşıdurmalar bu rejimlərin süqutu ilə yenidən başladı.