Ədirnədən geridə qoyduqlarımız...

Balkan yarımadasının bu mürəkkəb xəritəsinin çox maraqlı cəhəti isə bu ərazidə Türkiyədən Adriatik dənizinə qədər uzanan Türk-İslam zolağıdır.


Əvvəlcə keçmişə nəzər salaq. 1912-ci ildə baş vermiş Balkan müharibəsinə qədər İstanbuldan Adriatik dənizinə qədər Osmanlı dövlətinin sərhədləri daxilində hərəkət etmək mümkün idi. Bütün qərbi Trakya, Makedoniya, Albaniya və hətta bugünkü Yuqoslaviyanın sərhədləri daxilində qalmış Kosova və Sancak belə Osmanlının hakimiyyəti altında idi. Saloniki Osmanlı imperiyasının ikinci böyük şəhəri idi. Habelə, sözügedən Rum torpaqlarında yaşayan əhalinin də əksəriyyətini türklər və müsəlmanlar təşkil edirdi. Qərbi Trakya və Makedoniyada vaxtilə Anadoludan köçmüş türklər və müsəlman pomaklar, hətta müsəlman slavyanlardan ibarət türk-müsəlman əhali çoxluq təşkil edirdi. Albaniya, Kosova və Makedoniyada yaşayan albanlar da İslam dinini qəbul etdiklərinə görə Osmanlının “xas” təbəəsindən hesab olunurdular.


Bu Osmanlı mirasının Balkan yarımadasında hələ də necə qaldığını görmək üçün İstanbuldan çıxıb Bosniya və Hersoqovinanın şimal-qərbindəki Bixaça səyahət etmək kifayətdir. Türkiyənin sərhədlərindən çıxıb Yunanıstana daxil olduqda türk milli azlığın yaşadığı qərbi Trakya torpaqlarında olacaqsınız. Burada təxminən 120 min türk soydaşımız yaşayır və Yunanıstanın illərlə tətbiq etdiyi assimilyasiya siyasətinə baxmayaraq israrla milli və dini şəxsiyyətlərini qoruyurlar.


Qərbi Trakyadan yuxarıda – cənub-şərqi Bolqarıstanda isə daha çox türklər yaşayır. Bolqarıstanın əhalisinin 9%-ni təşkil edən türklər ölkənin şimal və cənubundakı iki böyük bölgədə yaşayırlar. Cənubi Bolqarıstanda qərbə doğru irəlilədikcə pomak türklərinin sıx yaşadığı bölgələrə yaxınlaşırsınız. Pomaklar az sayda qaraçı ilə birlikdə Bolqarıstanın 13%-lik müsəlman əhalisini təşkil edirlər.


Qərbə doğru bir az da irəliləsəniz, Makedoniyaya çatarsınız. Yunanıstanla Serbiyanın arasında yerləşən və hər ikisini də özü üçün təhlükə hesab edən bu kiçik Balkan dövləti strateji cəhətdən Türkiyə ilə eyni mövqedədir. Habelə, Makedoniyada çox sayda alban və sayları çox olmasa da, seçilən türk milli azlıq yaşayır. Bu iki müsəlman xalq ölkə əhalisinin təxminən 30%-ni təşkil edir.


Bir az da qərbə doğru hərəkət etdikdə Türkiyəyə köçmüş milyonlarla soydaşı, İslam dini və anti-serb, anti-yunan strateji mövqeyi ilə Türkiyəyə yaxından bağlı olan Albaniyaya çatırsınız. Adriatik dənizi sahillərindəsiniz.


Lakin bununla bitmir. Albaniyanın şimalına çıxın, bu dəfə “Serbiyanın daxilindəki Albaniyaya”, yəni Kosovaya çatırsınız. Kosovanın əhalisinin 90%-ni təşkil etdiklərinə baxmayaraq, Serbiya hökuməti tərəfindən sistemli şəkildə əzilən bu albanlar müsəlman olduqlarına görə psixoloji cəhətdən Türkiyəyə meyillidirlər. Kosovadan şimal-qərbə doğru irəlilədikdə isə Serbiya ilə Qaradağ arasındakı sərhəd boyu uzanan Sancaq bölgəsinə çatırsınız. 1912-ci ilə qədər Osmanlı torpağı kimi qalmış bu bölgədəki slavyan müsəlmanlar müsəlman şəxsiyyətlərini qoruyub saxlayıblar.


Sancaq ərazisinin qurtardığı yerdə Bosniya başlayır. Bu gün şərqi Bosniya Bosniya-Hersoqovina Federasiyasının serb tərəfini təşkil edən Serbiya Respublikasına aiddir. Ancaq işğal edilmiş bu bölgədən İzzetbeqoviçin “Dayton sazişində” əldən buraxmamaq üçün çox səy göstərdiyi “Qorazde koridoru” vasitəsilə Sarayevoya və oradan da Osmanlı dövlətinin ən ucqar sərhədi olan Bixaça getmək mümkündür.


Ədirnədən Bixaça doğru uzanan bu qurşaq strateji cəhətdən çox mühüm xətt üzrə uzanır. Bu isə təsadüfi deyil, əksinə, hesablanmış və məqsədli şəkildə qurulmuş strategiyadır. Osmanlı hökuməti Balkan yarımadasını fəth etdikdən sonra bölgədə demoqrafik nizamlama aparmış və bölgədəki mühüm strateji yerlərə müsəlmanları yerləşdirmişdir. Bu müsəlman xalqların bir qismi Anadoludan köç edərək Balkan yarımadasına yerləşdirilən köçəri türkmən tayfaları, bir qismi isə İslamı sonradan qəbul edən yerli (İslamı sonradan qəbul edən, mənşəcə türk olmayan, lakin müsəlman olduğu üçün bölgədə türk qəbul edilən xalqlar) bölgə xalqlarıdır (albanlar, bosnyaklar kimi).

 

Qısaca desək, Osmanlı dövləti artıq yoxdur, ancaq Balkan yarımadasının bir ucundan digər ucuna qədər uzanan türk-İslam mədəniyyəti onun mirası kimi hələ də yaşayır. Sayları 10 milyona çatan Balkan müsəlmanları Ədirnədən Bixaça qədər uzanan qurşaq boyu yaşayırlar. Bu qurşaqda bəziləri 1878-ci ildən, bəziləri isə 1912-ci ildən etibarən mübarizə aparırlar. Yeganə ümidləri isə bir gün əvvəki  sülhün və əmin-amanlığın yenidən qurulması, güclü birliyin təsis edilməsidir...