Türkün Dünya nizamı

Tarix türklərdən çox şey öyrənib. Onların elə əsərləri var ki, hər biri sivilizasiya üçün zinətdir...
(Məşhur avstriyalı şərqşünas Baron Cosef von Hammer-Purqstal)

Türklər tarix boyu 180-dən çox dövlət qurublar. Hətta bir çox tarixçi tədqiqatları dərinləşdirdikcə bu sayın daha da artacağını bildirir. Bu dövlətlərdən 16-sı dünya tarixində əsas rol oynamış güclü dövlətlərdir.

 

Prof. Dr. Kemal Tahirin 1966-cı ildə söylədiyi kimi: “Türk millətinin tarix boyu bayraqsız və dövlətsiz qalmaması təsadüfi deyil. Onun kökündəki dinamiklik onu dövlət qurmağa meyilli etmişdir... Dövlət qurmaq başqa şeydir, dövləti idarə etmək başqa şeydir. Türk milləti tarix boyu həm dövlət qurmaqda, həm də idarə etməkdə usta olmuşdur.”


Türk milləti bir-birindən güclü 16 dövlətlə və bu dövlətlərin idarəçiliyində göstərdiyi qabiliyyətlə bütün dünya millətlərinə tarix boyu nümunə olmuşdur. Bunun ən əsas səbəblərindən biri isə hakimiyyəti altında yaşayan müxtəlif etnik qrupları hər birinin dil və din mənsubiyyətinə hörmət edərək, sülh və əmin-amanlıq içində əsrlər boyu birlikdə yaşatma bacarığıdır. Eyni torpaqlarda hakimiyyət quran müxtəlif dövlətlər isə bu cür uğura nail ola bilməmiş, sözügedən torpaqlarda bu qədər uzunmüddətli başqa xalqın hakimiyyəti davam etməmişdir.


Səlcuq və Osmanlı dövlətləri başda olmaqla, türk millətini bu coğrafiyada birləşdirən və güclü edən ünsürləri təkcə hərbi güclə açıqlamaq olmaz. Anadolunu fəth edən, Adriatik dənizindən Çin səddinə qədər dünyanın ən qarışıq bölgəsini əsrlər boyu hakimiyyəti altında saxlayan qüvvə türk millətinin kökündə olan və türklərin İslamı qəbul etməsi ilə əsl şəxsiyyətini tapan əxlaq anlayışıdır.


Quranda əmr edilən bu əxlaqın əsas xüsusiyyətləri dürüstlük, mərdllik, zülmdən və haqsızlıqdan uzaq olmaq, ədaləti bərqərar etmək, tolerantlıq və uzlaşmadır. Bu xüsusiyyətlərinə görə müsəlman türklərə tabe olan xalqlar da həmişə onların idarəçiliyindən razı qalmış, hətta çox vaxt öz istəkləri ilə onların hakimiyyəti altına daxil olmuşlar. Osmanlı imperiyasının bu ədalətli idarəçiliyinə görə bütün Balkan yarımadası ölkələri, Qafqaz və Yaxın Şərqdə yaşayan üç dinə və müxtəlif məzhəblərə məxsus, dilləri, mədəniyyətləri, milliyyətləri bir-birindən tamamilə fərqli milyonlarla insan əsrlər boyu heç bir zülmə məruz qalmadan əmin-amanlıq içində yaşamışdır.


Ancaq dövrümüzdə həmin torpaqlardakı əziyyət, göz yaşı, zülm və müharibə heç bir şəkildə sona çatmır. Balkan ölkələri, Yaxın Şərq və Qafqazdan ibarət və mərkəzində Türkiyənin yerləşdiyi “Osmanlı coğrafiyası” hələ də çox hərəkətli, qarışıq quruluşa malikdir. Osmanlı dövlətinin siyasi cəhətdən varlığına son qoyulduqdan sonra bu bölgədə əmələ gələn boşluq hələ doldurulmamış və həqiqi əmin-amanlıq bərqərar olmamışdır. Bu vəziyyət həmin torpaqlarda əsrlər boyu nümunəvi “birlikdə yaşama modeli” tətbiq etmiş müsəlman türk millətinə diqqət çəkir, bu modelin dövrümüzdə və gələcəkdə də ancaq müsəlman türk milləti tərəfindən tətbiq edilməsinin mümkün olduğunu göstərir. Belə ki, son illərdə bir çox dövlət adamı və politoloq, başda Osmanlı dövləti olmaqla, türk dövlətlərinin uğurla həyata keçirdiyi ədalətli idarəçilik sistemini araşdırır. Bu araşdırmalardakı məqsəd türklərin idarəçilik sistemi əsasında yeni idarəçilik modeli qurmaqdır.


Bu kitabdakı məqsədimiz də 1900-cü illərin əvvəlindən etibarən müharibələrin və qarşıdurmaların bitmədiyi Yaxın Şərqdə, Balkan ölkələrində və Qafqazda daimi sülhün bərqərar edilməsinin ancaq bu tarixi mirasın varisi olan Türkiyənin liderliyində mümkün olduğunu göstərməkdir. Türkiyənin liderliyi altında qurulacaq bu birlik həm qarşıdurmalara son qoyub bölgəyə daimi sülh gətirəcək, həm də bölgə ölkələrinin güclü iqtisadi birliyi ilə bütün xalqların rifah səviyyəsini yüksəldəcək.

 

Bu bölgədə yaşayan dövlətlər bir-birləri ilə müharibə aparmaq əvəzinə bütün güclərini birləşdirsələr, hərbi, siyasi və iqtisadi cəhətdən ən güclü dövlətlər olarlar. Ortaq xarici siyasət bu dövlətləri dünya siyasətində böyük gücə çevirər. Ona görə XXI əsrə qədəm qoyduğumuz dövrdə Türkiyənin gələcəyə dair missiyası tarixdəki türk dövlətlərinin böyüklüyünə və şanına yaraşan tərzdə olmalıdır. Habelə bu missiya tarixən olduğu kimi, bu gün də türk millətini zirvəyə qaldırmalı, layiq olduğu lider dövlətlər sırasına daxil etməlidir. Dünya tarixinin ən güclü dövlətlərini qurmuş, bütün Aralıq dənizi və Yaxın Şərq coğrafiyasına nizam vermiş türk millətinin axtardığı həll və çıxış yolları öz tarixində mövcuddur.