Xilaskarını gözləyən Qafqaz və Mərkəzi Asiya

Türkiyə üçün Yaxın Şərq və Balkan yarımadasındakı tarixi üstünlük Qafqaz və Mərkəzi Asiyaya da aiddir. Türkiyə bu bölgədə böyük potensial nüfuza malikdir. Qafqaz tarix boyu rus zülmündən qaçaraq Osmanlıya sığınmış müsəlman xalqların diyarıdır. Mərkəzi Asiya isə Osmanlı torpağı olmasa da, türk olduğuna görə Türkiyəyə bağlıdır. Buna görə türk millətinin aydın gələcəyi müəyyən edilərkən başda türk-rus münasibətləri olmaqla, bu coğrafiyanın tarixi arxa planının təhlil edilməsi faydalı olacaq.


SSRİ-nin süqutundan sonrakı Qafqaz xəritəsində Türkiyə ilə yaxından əlaqədar olan bölgə meydana gəlmişdir. Çünki müstəqilliklərini bir-bir elan edən müsəlman-türk dövlətləri ilə Türkiyə arasında din, dil, mədəni və tarixi cəhətdən çox güclü əlaqələr var. Habelə, siyasi və iqtisadi gücü, demokratik, müasir kimliyi ilə Türkiyə Mərkəzi Asiya dövlətləri üçün nümunədir, hətta bu dövlətlər tərəfindən “böyük qardaş” qəbul edilir. Ancaq bu əlaqələri daha da möhkəmləndirərək bölgədə güclü Türk Birliyi qurmaq gündəmə gəldikdə Türkiyənin qarşısına mühüm maneələr çıxır. Bu maneələrdən biri də bölgədə itirdiyi siyasi və iqtisadi hegemonluğunu yenidən qazanmaq istəyən Rusiyadır.


Mərkəzi Asiya və Qafqazı Rusiya üçün mühüm hədəf edən faktorlardan ən əsası neft-qaz və təbii resurslardır. Respublikalar müstəqilliklərini qazandıqdan sonra Rusiya xammal qıtlığı təhlükəsi ilə qarşılaşmışdır. Bununla bərabər, bu torpaqlar coğrafi cəhətdən də Rusiya üçün strateji əhəmiyyət daşıyır. Xüsusilə, Qafqaz Mərkəzi Asiyanın qapısı və Rusiyanın rəqib hesab etdiyi İran və Türkiyənin kəsişmə nöqtəsi olduğuna görə, Rusiya üçün çox dəyərlidir. Bütün bu səbəblər Rusiyanın bu bölgəni nüfuz dairəsinə salmaq üçün göstərdiyi səyləri açıqlamaq üçün kifayətdir. Əslində bölgədəki hədəflərindən tarixən də əl çəkməyən Rusiya Türkiyəyə qarşı Osmanlı dövründən etibarən davam edən münasibətini heç vaxt dəyişməmişdir.

 

Rusiyanın Türkiyəyə və türk millətinə nöqteyi-nəzərinin tam anlamaq üçün əvvəlcə Rusiyanın xarici siyasət anlayışını yaxşı izah etmək lazımdır. Rusiya qurulduğu dövrdən etibarən daima sərhədlərini genişləndirmək və dənizə çıxışını təmin etmək ehtiyacı hiss etmişdir. Bu anlayış Rusiyanın XVIII əsrin əvvəllərində sərhədlərini Baltik dənizinə qədər genişləndirməsinə səbəb olmuşdur. 1721-ci ildə isə imperatorluğunu elan edən Rusiya qitə dövlətinə çevrilmişdir. Bir qitə dövləti kimi Rusiya xarici siyasətini qitəyə ən yaxın bölgələri nəzarəti altında saxlayan strategiya üzərində qurmuşdur. Buna əsasən Rusiya təhlükəsizliyini təmin etmək üçün dörd əsas bölgəyə nüfuz etməyi hədəfləmişdir. Bu bölgələr Balkan yarımadası, Baltikyanı ölkələr, Qafqaz və Mərkəzi Asiyadır.43 Ona görə tarixən ruslarla bu bölgələrdə yaşayan xalqlar arasında qarşıdurma olmuşdur.