Balkan müsəlmanlarının türk kimliyi

“Türko-İslami” istər Balkan müsəlmanlarının şəxsən özləri, istərsə də onları “düşmən” kimi görən Balkan millətçiləri tərəfindən mənimsənilmiş tərifdir. Bu gün başda serblər olmaqla digər bütün Balkan millətçiləri bosnyakları və albanları, yəni etnik cəhətdən türk olmayan və türkcə danışmayan Balkan müsəlmanlarını “türk” adlandırırlar. Bunun səbəbi isə etnik mənşələrinə baxmayaraq, Balkan yarımadasında yaşayan bütün müsəlmanların xristian xalqlardan ayrı “millət” kimi qəbul edilmələridir. Bu “millət”in adı isə, etnik türklüyü ifadə etməsə də, “türk milləti”dir. Florida universitetindən Balkan tarixçisi Mariya Todorova bu vəziyyəti belə izah edir:


Balkan millətçiliyi pravoslav xristianların birliyini parçalayarkən, digər tərəfdən bütöv və sabit müsəlman icması imici meydana gətirmişdir və bunu da “millət” anlayışı çərçivəsində görür. Başqa sözlə, Balkan yarımadasındakı xristian xalqlar öz aralarında millətçilik prinsipinə əsasən ayrı-seçkilik apararkən digər tərəfdən müsəlmanlara sanki bu insanlar eyni millət kimi davranmış və onları bir adla çağırmışlar. Buna ən bariz nümunə Balkan yarımadasındakı bütün müsəlmanların etnik mənşələrinə görə fərq qoymadan “türk” adlandırılmasıdır. Bu, bölgədə hələ də geniş yayılmış anlayışdır.


Digər tərəfdən, Balkan müsəlmanları da millətçi tərifə uyğunlaşmadıqları və Balkan yarımadasındakı milli dövlətlər tərəfindən təcrid edildikləri üçün özlərini ayrı “millət” hesab edən ictimai şüuru indiyə qədər qoruyub saxlamışlar.


Todorovanın da bildirdiyi kimi, Balkan müsəlmanları üçün din milli mənşədən daha üstündür. Bolqarıstanda vəziyyət belədir: “bolqar müsəlmanları” adlandırılan pomaklar özlərini bolqarlardan daha çox türklərə yaxın hiss edirlər. Bosniyadakı vəziyyət isə daha qabarıqdır. Serblər və ya xorvatlarla eyni etnik mənşəyə malik olan və eyni dili danışan bosnyaklar bu iki xalqla əsla qaynayıb-qarışmamış, daima Osmanlıya meyilli olmuşlar.


Balkan mütəxəssisi Eran Frankel eyni vəziyyətin Makedoniyaya da aid olduğunu vurğulayır. Frankelin fikrincə, “makedoniyalı müsəlmanlar əsla makedoniyalılıq uğrunda İslamı arxa plana atmamış və inkar etməmişlər. Əksinə, dəfələrlə slavyanlıqlarını inkar etmiş və qeyri-slavyan İslam kimliyini mənimsəmişlər.” Frankelə görə Makedoniyadakı müsəlman albanlar və ya qaraçılar slavyan kimliyini mənimsəməkdənsə, “türk ” adlandırılmağı üstün tuturlar.


Elə buna görə də Türkiyənin Balkan yarımadasındakı qolu olan xalqlar sadəcə bir neçə milyonluq Balkan türkü deyil, sayı 10 milyona çatan Balkan müsəlmanlarıdır. Əksəriyyəti milli mənşə etibarilə qeyri-türk olan və türkcə danışmayan bu insanlar özlərini eyni dildə danışdıqları serblərdən və ya bolqarlardan çox türklərə yaxın hiss edirlər.


Çünki bu insanlar, hər şeydən əvvəl, “osmanlı”dırlar və Türkiyə də Osmanlının yeganə varisidir. Tarixçi Mariya Todorova bu barədə belə deyir:


Türkiyənin Balkan yarımadasında kompleks təsiri var. Bu təsir, əvvəla, Balkan yarımadasındakı türkdilli əhaliyə istiqamətlənir. Bu xalqın əksəriyyəti Bolqarıstanda yaşayır, qalan hissəsi isə az sayda Yunanıstan, Rumıniya və keçmiş Yuqoslaviyadadır. Ancaq Türkiyənin təsir dairəsi bununla məhdudlaşmır. Eyni zamanda slavyan dilində danışan müsəlmanlar da Türkiyənin təsir dairəsindədirlər.


Todorova qeyri-türk Balkan müsəlmanlarının özlərini türk adlandırmalarının göstəricisi kimi maraqlı cəhəti vurğulayır: XX əsr ərzində Balkan yarımadasından Türkiyəyə köçən slavyan müsəlmanlar (albanlar da daxil olmaqla) türk kimliyini mənimsəyərək türk xalqının içində assimilyasiyaya uğrayıblar. Todorovanın fikrincə, bu vəziyyət “Osmanlı mirasının türk təsirinə çevrilməsinin açıq göstəricisidir.”


Ona görə Türkiyə Balkan yarımadasındakı etnik və dini müxtəlifliyi yaxşı təhlil etməli və bu müxtəliflik çərçivəsində öz tarixi kimliyinə uyğun strategiya müəyyən etməlidir. Bunu edərkən etnik, dini və mədəni dəyərlərin dünya siyasətində günbəgün daha çox əhəmiyyət qazandığını, dünyanın millətlərarası münasibətlərlə səciyyələnəcəyini də nəzərə almaq lazımdır. Habelə, Balkan yarımadası etnos, din və mədəniyyət kimi anlayışların ən təsirli olduğu bölgələrdən biridir. Başqa sözlə, soyuq müharibədən sonra Türkiyə Balkan ölkələrinə baxarkən öz tarixi və mədəni kimliyini ön plana çıxarmalı və buna uyğun strategiya müəyyən etməlidir.


Göründüyü kimi, bütün Balkan ölkələrində əslində etnik cəhətdən “türk” olmadıqlarına baxmayaraq, özlərini “türk” hesab edən və ya buna meyilli olan çoxsaylı müsəlman əhali yaşayır. Bu “fəxri soydaşlarımızı” bizə bu qədər bağlayan ünsür isə türk-İslam əxlaqı və Osmanlı mirasıdır. Belə ki, 1997-ci ilin əvvəllərində Belqraddakı etiraz aksiyalarında iştirakçıların “Türk hökumətinə həsrət”, “Hardadır Türk (Osmanlı) hakimiyyəti altındakı günlər” şüarlarını nümayiş etdirmələri qərb KİV-lərinin də diqqətini çəkmiş və Türkiyənin bölgədə fəal rolunun labüd olduğunu bir daha vurğulamışdır.


Artıq qərb qüvvələri Balkan yarımadasındakı problemləri həll etməyə güclərinin çatmadığını özləri də etiraf edirlər. Keçmiş Xarici İşlər nazirlərindən biri olan Hikmet Çetin “Zaman” qəzetində nəşr olunmuş bir xəbərdə Qərbin Balkan yarımadası problemini həll etmək üçün düşdüyü aciz vəziyyəti belə ifadə edir:

1992-ci ildə Bosniya və Herseqovina ilə bağlı toplantı keçirilirdi. Türkiyə də dəvət olunmuşdu. Miloşeviç və Karadziç də orada idi. Mənim yanımda Amerika Xarici İşlər naziri vardı. Yuqoslaviyada yeddi il səfir olmuşdu. Mənə “siz bu cür təhlükəli yerlərdə 500 il necə qalmısınız?” dedi.


Göründüyü kimi, Balkan ölkələrində daimi sülhün bərqərar edilməsinin yolu türk-İslam mədəniyyətinin dövlətçilik anlayışıdır. Bu gün hər cür texnika və texnologiyaya, hərbi imkanlara malik olan qərb ölkələri bölgədə ancaq hərbi qüvvələri yerləşdirməklə kifayətlənir, lakin bölgə xalqlarının rahatlığını təmin edən asayişi və nizam-intizamı təmin edə bilmirlər. Əksinə, xarici müdaxilələr bölgədə baş verənləri daha da mürəkkəbləşdirir, zülmü artırır.

 

Buna görə Türkiyə Osmanlının kimliyinə və tarixinə sahib çıxmalıdır. Habelə, bu vəziyyət Türkiyə üçün böyük strateji fürsətdir. “Osmanlı” anlayışı Türkiyənin təsirini sərhədlərindən uzaqlara aparır. Bu, Balkan yarımadasında olduğu kimi Yaxın Şərqə də aiddir.