Sonu olmayan döyüşlərin mənbəyi

Balkan ölkələrinin vəziyyətini dəyərləndirmək üçün bölgədəki Türk-İslam tarixi ilə bərabər bölgənin strateji və coğrafi əhəmiyyətini də nəzərdən keçirmək lazımdır. Əksər hissəsi dağlıq və qayalıqlardan ibarət olan, dərin dərələrlə parçalanmış, sıx bitki örtüyünə malik Balkan yarımadasının coğrafi quruluşuna görə nəqliyyat və rabitə imkanları zəif olmuşdur (“Balkan” sözü “dağlıq bölgə” deməkdir). Nəqliyyat və rabitə zəifliyi bir-birinə qonşu olmalarına baxmayaraq, mədəni cəhətdən bir-birindən çox uzaq, hətta bir-birinə düşmən xalqlar meydana gətirmişdir. Etnik və mədəni fərqlər də düşmənçiliyi artırmış, Balkan yarımadasını qeyri-sabitliyə sürükləmişdir. Balkan yarımadasında əsrlər boyu yüzlərlə dövlətin qurulmasının və süqutunun ən mühüm  səbəblərindən biri mühafizəkar və qapalı Balkan mədəniyyətidir.


Qarşıdurmaların alovlanmasının kökündəki səbəb isə müstəqilliyini elan edən ölkələrdə bir-birinə düşmən olan və birlikdə yaşamaq istəməyən milli azlıqlar idi. Balkan yarımadasındakı heç bir dövlət etnik və dini cəhətdən eynicinsli deyil. Bu mürəkkəb vəziyyəti belə izah edə bilərik: Balkan yarımadasındakı siyasi xəritə ilə etnik xəritə arasında böyük fərqlər var. Demək olar ki, heç bir qrup – qaradağlılar və slovaklar istisna olmaqla – eyni dövlətin sərhədləri daxilində yaşamır. Məsələn, Albaniyanın siyasi sərhədləri ilə albanların yaşadıqları ərazilərin  “toqquşma” nisbəti təxminən 50%-dir. Albanların təxminən yarıdan çoxu Albaniyanın sərhədlərindən kənarda – Kosovada və Makedoniyada yaşayır.


Serblərlə Serbiya arasında da buna bənzər vəziyyət var. 10 milyondan çox əhalisi olan Balkan yarımadasının ən böyük etnik qruplarından biri olan serblər Serbiyadan kənarda iki ölkədə də - Xorvatiya və Bosniya və Hersoqovinada yaşayırlar. Digər tərəfdən, Serbiya torpaqlarında yaşayan insanların 15%-dən çoxu serb deyil, özlərini serblərə “düşmən” hesab edən albanlar və Sancakdakı slavyan müsəlmanlardır.


Balkan yarımadasındakı hansı ölkəni təhlil etsək, oxşar müxtəlifliklə qarşılaşırıq. Bolqarıstanda türklər, pomaklar (müsəlman bolqarlar) və digər milli azlıqlar əhalinin 15%-ni təşkil edir. Makedoniyanın əhalisinin 65%-i makedoniyalılardan ibarətdir, ölkədə 22% alban, 4% türk və başqa milli azlıqlar yaşayır.


Yunanıstanın qərbi Trakiya bölgəsində 120 minə yaxın türk, şimal bölgələrində slavyan-makedon milli azlıq yaşayır. Bosniya və Hersoqovinada əhalinin 45%-i müsəlman, 30%-i serb, 17%-i isə xorvatdır.

 

Əlbəttə, bir ölkə daxilində müxtəlif etnik və ya dini qrupların yaşaması problem deyil. Bu cür müxtəlif millətlər eynilə Osmanlıda olduğu kimi, nəzəri cəhətdən “çoxmillətli, çoxmədəniyyətli” dövlət nizamı və “birlikdə yaşamağa” əsaslanan sosial model çərçivəsində yaşaya bilərlər. Ancaq təəssüf ki, Balkan yarımadasındakı dövlətlərin həddindən artıq millətçi yanaşma tərzləri, qatı ideologiyaları bu modeli tətbiq etməyə imkan vermir. Bölgədəki dövlətlərin çoxu – başda Serbiya və Yunanıstan olmaqla – eynicinsli etnik və dini cəmiyyət təşkil etmək istəyirlər. Bu, bəzən Serbiyada olduğu kimi “etnik təmizləmə” fəaliyyətlərinə, bəzən də Yunanıstanda olduğu kimi zorakı assimilyasiya siyasətinə yol açır. Bu ölkələrin təzyiq siyasətlərinə israrla davam etdiklərini illərdən bəri baş verən acı hadisələrdən sonra öyrənirik.