Osmanlının İslam əxlaqı

Osmanlı dövləti üçün İslamın bayraqdarlığı vəzifəsini yerinə yetirməkdən, İslam ədalətini və əxlaqını dünyaya yaymaqdan daha böyük hədəf yox idi. Buna görə də Osmanlı fəth etdiyi torpaqlarda da Quranda əmr edildiyi kimi heç bir zorakılığa və təzyiqə əl atmadan İslam əxlaqını yaşatdı və hakim etdi. Osmanlı üçün sadəcə müsəlman və türk xalqının deyil, eyni zamanda ona tabe olan hər millətdən və dindən olan insanın rahatlığı və xoşbəxtliyi vacib idi. İslam əxlaqına uyğun olaraq Osmanlı padşahları onlardan kömək istəyən insan inancsız da olsa, ehtiyac içində olana yardım etmiş və buna görə Allah qarşısında məsul olduqlarını bilmişlər. Bu, iman gətirənlərə Quranda bildirilən əmrdir:

 

Əgər müşriklərdən biri səndən aman diləsə, ona aman ver ki, Allahın sözünü eşitsin. Sonra onu özünün xatircəm olduğu yerə çatdır. Çünki onlar (haqqı) bilməyən bir camaatdır.(Tövbə surəsi, 6)


Osmanlı dövləti üçün fəth etdiyi torpaqların hamısı  “vətən torpağı” idi və “Darül-İslam” (İslam yurdu) qəbul edilən bu torpaqlarda yaşayan insanların hamısı İslamın xəlifəsi olan padşaha əmanət idilər. Osmanlı padşahlarının Allah və Peyğəmbər sevgiləri hər işdə etidallı, ədalətli mərhəmətli olmalarına və uğurlu nəticə əldə etmələrinə səbəb olmuşdur. Osmanlı padşahları özlərini xalqın işlərini görmək üçün Allah tərəfindən təyin edilmiş şəxslər kimi görür və xalqa xidmət etməyi əsas vəzifələri hesab edirdilər. Piri Paşanın Yavuz Sultan Səlim haqqında dediyi sözlər bu həqiqəti açıq şəkildə göstərir:


Özlərini padşah hesab etmirdilər. “Haqq-Təalanın yazıq və yoxsul qullarının və yer üzündəki bütün qullarının təhlükəsizliyini qorumaq üçün göndərdiyi dəyərsiz biriyəm”deyərdilər...


İslam əxlaqının yaşandığı və hakim olduğu Osmanlı torpaqları eyni zamanda çox böyük alimlərin vətəni idi. Osmanlı idarəçiləri hərbi və mülki şəxslərə olduğu qədər elm əhlinin də fikirlərinə dəyər verir, qərar qəbul edərkən onlarla məsləhətləşirdilər. Ədalətin təmin olunması üçün çox çalışırdılar. Osmanlı padşahları xalqa qarşı dövlətin adından sui-istifadə edən idarəçiləri bu əməllərdən çəkindirmək üçün bir çox qanun hazırlamış, özlərinin şahid olmadıqları məsələlərdə belə xalqın dövlətdən razı qalacağı sistem təsis etmişdilər. Dövlət məmurlarının qanuna və ədalətə zidd davranışlarını qəti qadağan edən bir çox qanunnamədən biri də Səməndərə hakiminə göndərilən bəyannamədir. Padşah bu bəyannamədə xalqın ona Allahın əmanəti olduğunu bildirdikdən sonra qanuna zidd olaraq Sancak bəylərinin və digər məmurların əhalidən artıq şey almasını zülm hesab edir və bunu qəti qadağan edirdi. Bu əmri yerinə yetirməkdə məsuliyyətsizlik edənlərin və etinasız yanaşanların dərhal cəzalandırılmalarını əmr edirdi.8
Türk-İslam əxlaqının gətirdiyi ədalət sistemi Osmanlı dövlətini müasiri olan dövlətlərdən qat-qat üstün edən əsas xüsusiyyətlərdən biri idi. Osmanlıların şərəflə həyatlarına tətbiq etdikləri İslam əxlaqı onlara öz əleyhlərinə belə olsa, ədaləti əmr edirdi. “Nisa” surəsində bildirilən bu əxlaqi xüsusiyyət Osmanlının və bütün müsəlmanların üstün ədalət anlayışının əsasını təşkil edir:

 

Ey iman gətirənlər! Özünüzün və ya valideynlərin, ya da yaxın qohumların əleyhinə olsa belə, Allah şahidləri kimi ədaləti qoruyun. Varlı və ya kasıb olmasından asılı olmayaraq Allah onların hər ikisinə daha yaxındır. Nəfsinizin istəyinə uyub haqdan üz çevirməyin... (Nisa surəsi, 135)


Türklərin ələ keçirdiyi torpaqlarda bu düşüncə və inancla ədalətli, şəfqətli, mərhəmətli, millət və qəbilə təəssübkeşliyindən uzaq siyasət yeritmələri türk idarəçiliyinin bir çox ölkə tərəfindən xilaskar kimi qarşılanmasına səbəb oldu.


Din və vicdan azadlığı bütün türk dövlətlərində olduğu kimi, Osmanlı dövlətində də ciddi cəhdlə qorunurdu. Osmanlı torpaqlarında kilsə, sinaqoq və məscidlər yan-yana idi. Buna görə başda katolik Avropanın sıx təzyiqlərinə məruz qalan pravoslav Balkan xalqları olmaqla, bir çox millət dəfələrlə xristian idarəçilərin deyil, müsəlman türk idarəçilərin hakimiyyəti altında yaşamağa üstünlük vermişdilər. Təkcə xristianlar deyil, XV əsrin sonlarında İspaniyadakı yəhudilər də kütləvi şəkildə ədalətinə və din azadlığına olan hörmətinə güvəndikləri Osmanlı dövlətinə sığındılar.


Tanınmış tarixçilərimizdən Prof. Dr. İsmet Miroğlu “Tarix və mədəniyyət” jurnalında dərc olunan bir məqaləsində Osmanlıdakı din və vicdan azadlığına ətraflı yer vermişdir. Miroğlunun bildirdiyi kimi, rus kilsəsinin zülmünə tab gətirməyən kazaklar da din azadlıqlarını Osmanlı hakimiyyətində əldə edən xalqlardandır. Prof. Miroğlu sözügedən məqaləsində Antalya patriki Makariosun pravoslavlara zülm edən katolik polyakları Osmanlı hökuməti ilə müqayisə edən sözlərinə də toxunur:


O imansızların öldürdüyü minlərlə insan, qadın, qız və kişilər üçün ağladıq. Lehlilər (polyaklar) pravoslav adını dünyadan silmək istəyirlər. Allah türklərin dövlətini əbədi etsin. Çünki türklər vergi aldıqdan sonra xristian və yəhudilərin dinlərinə toxunmurlar.


Osmanlı tarixi sahəsində mütəxəssis olan məşhur tarixçi Artur Gibbonsun “Osmanlı imperiyasının qurulması” adlı əsərindəki osmanlılar haqqındakı bu fikirləri Osmanlının tolerantlığını sübut edir:


“... Bu bir həqiqətdir ki, türklər yeni dövrdə dövlətlərini qurarkən din azadlığı fikrini əsas almış millətdir. Yəhudi və xristianların müntəzəm təzyiqlərinə baxmayaraq, türklərin Balkan yarımadasına girməsindən sonra yerli qeyri-müsəlmanlarla yeni gələn müsəlmanlar əsrlərlə uzlaşma içində yaşayıblar.”


Tarixçi və tədqiqatçıların da tez-tez vurğuladığı bu ədalət və tolerantlıq anlayışı Osmanlı hökumətinin Türk-İslam əxlaqına xas xüsusiyyətlərindən qaynaqlanır.


Əsrlər boyu şanlı dövlətlər qurmuş, üç qitədə hökmranlıq etmiş millətin sələfləri və XXI əsrdə yeni dünya dövləti qurmağa namizəd olan bir millətin fərdləri kimi bizim üzərimizə Osmanlını Osmanlı edən bütün maddi-mənəvi dəyərlərin əhəmiyyətini doğru anlamaq və tətbiq etmək düşür.

Osmanlı nümunəsi göstərir ki, türk milləti çox geniş coğrafi ərazini asanlıqla idarə edəcək təcrübə, bacarıq və gücə malikdir. Osmanlının təməlində duran dəyərləri yaxşı anlamaq, bunları yenidən müasir dövrə uyğun şəkildə şərh və tətbiq etmək vacibdir.