Mirasımıza sahib çıxmaq

“Könlüm Afrikanın şimalından Əndəlusa səfər etmək və daha sonra Balkanlardan keçərək yenidən İstanbula dönmək istəyir!”
Yavuz Sultan Səlim, Misirin fəthindən sonra İstanbula qayıdarkən

 

Buraya qədər izah edilənlərdən də məlum olduğu kimi, türk milləti olduqca sağlam, köklü mirasa malikdir. Bu mirasın əhəmiyyətini qavrayıb layiqincə dəyərləndirmək və keçmişimizə sahib çıxaraq gələcəyə üz tutmaq vacibdir. Cümhuriyyətimizin banisi böyük öndər Atatürkün yeritdiyi siyasət bu yanaşma tərzinə ən gözəl nümunədir.


Atatürk Milli Mübarizə illərində türk millətinin gələcəyi üçün çox mühüm istiqamət müəyyən etmişdi. Həm Osmanlı paşası, həm də gənc cümhuriyyət banisi olan Atatürkün siyasəti “milli-mədəni mirasımıza sahib çıxmaq, Osmanlı adət-ənənəsini müasirləşdirərək XX əsrə aparmaq” idi. Atatürk dövrünün şərtlərinin imkan verdiyi qədər Osmanlı mirasına sahib çıxmışdı. Atatürkün qurduğu gənc Türkiyə cümhuriyyətinin Osmanlının borclarını son qəpiyinə qədər ödəməyi qəbul etməsi və bütün iqtisadi çətinliklərə baxmayaraq, bu borcları ödəməsi Osmanlı mirasına sahib çıxma istəyinin bir göstəricisi idi. Bundan əlavə, Atatürk Osmanlı adət-ənənəsini davam etdirərək Türkiyə hökumətinə sığınmaq istəyən qeyri-türk müsəlmanları (albanları, çərkəzləri, bosnyakları), fərqli etnik mənşəli müsəlmanları eyni dinə sahib insanlar kimi qəbul etmişdir. Digər tərəfdən, Atatürk “Balkan Antantası” və “Sadabad paktı” kimi müqavilələrlə qədim Osmanlı coğrafiyasında Türkiyənin nüfuzunu qorumağa çalışmışdı. “Balkan Antantası” bəzi Balkan yarımadası ölkələri, Sadabad paktı isə bəzi Yaxın Şərq ölkələri ilə Türkiyənin liderliyi altında strateji əməkdaşlıq məqsədi güdürdü.


Bu, çox düzgün strategiya idi. Çünki daha əvvəl də bildirdiyimiz kimi, “dövlət ənənəsini” təşkil edən ən mühüm ünsürlərdən biri millətin tarixidir. Tarix millətin yaddaşıdır və hər millət dostlarını və düşmənlərini onların tarixi ilə dəyərləndirir. Tarix dövlətlərə etibar və nüfuz qazandırdığı kimi, xüsusilə qədim imperiyaların varisləri olan millətlərin keçmişdə onlara aid torpaqlarda söz sahibi olmalarına da mühüm vasitədir. Bir vaxtlar imperiya olan İngiltərə əsrin əvvəlindən etibarən mərhələli şəkildə azalan siyasi və iqtisadi gücünə baxmayaraq, hələ də keçmiş müstəmləkələri üzərində müəyyən nüfuza malikdir. Fransa və keçmiş müstəmləkələri arasındakı nüfuz əlaqəsi də buna bənzərdir. Fransanın Əlcəzair, Suriya və ya Livanla əlaqəsinin qanuni zəmini tarixlə əlaqədardır. Şübhəsiz, əgər İngiltərə öz tarixini unudub imperiya olduğu vaxtları inkar etsəydi, bu cür nüfuz əldə edə bilməzdi. Eyni şəkildə, Fransa da keçmişindən üz çevirsəydi, bu gün Şimali Afrika və Yaxın Şərq siyasətinə nüfuzunu davam etdirə bilməzdi.


Tarixin bu qədər təsirli strateji zəmin olması, şübhəsiz ki, Türkiyə üçün böyük üstünlükdür. Çünki Türkiyə bu gün qonşu dövlətlərin əksəriyyətini və hələ bir çox dövləti beş yüz il boyu idarə etmiş imperiyanın varisidir.


Bu gün böyük dövlətlərin Osmanlı tarixi ilə bağlı tədqiqatlar aparması və bu sahəyə xüsusi büdcə ayırması əslində bizə çox mühüm şeyi göstərir. Osmanlı dövləti böyük dövlət olmağın sirrini tapmış və bu sirri 600 illik ömrünün sonuna qədər mühafizə etmişdi. Qərbin Osmanlı ilə bağlı heç cür qavraya bilmədiyi həqiqət isə müasir siyasi üslubla desək, Osmanlı imperiyasının “moralpolitik” (əxlaqi) strateji nöqteyi-nəzərə sahib olması idi. Müstəmləkəçi güclər isə daima “realpolitik” (qatı realist) dünyagörüşü ilə hərəkət etmişdilər. Buna görə də qısa müddətdə çox mənfəət əldə etmək üçün ölkəni uzun müddət qarışıqlıq və qeyri-sabitliyə sürükləyən siyasət yeritməkdən çəkinməmişdilər. Osmanlı isə hökmran olduğu torpaqlarda qarışıqlığa və intizamsızlığa heç cür yol verməmişdi. Daima Quran əxlaqının əmr etdiyi sülh və əmin-amanlıq mühitini, ədaləti və tolerantlığı tətbiq etməyə çalışmışdı.


İngilis və fransız müstəmləkəçiliyinin realpolitik məntiqi nəticəsində ələ keçirdikləri torpaqlarda çox qısamüddətli hökumət qura bilmişdilər. Osmanlı fəth etdiyi yerlərdə sadəcə torpağı deyil, qəlbləri də fəth etməyi bacarmışdı, lakin ingilis və fransız müstəmləkəçilər getdikləri hər yerdə hərəkətləri ilə yerli xalqın nifrətini qazanmışdılar. Eyni şəkildə hakim olduqları torpaqlarda “nizam-intizamı təmin etmək” kimi məqsədi olmayan digər güclər getdikləri hər yerə sülh və əmin-amanlıq əvəzinə, qarışıqlıq və anarxiya gətirmişdilər. Bu gün tətbiq olunan bənzər strategiyalar qədim Osmanlı torpaqlarına sabitlik və əmin-amanlıq gətirmir.


Bundan əlavə, osmanlılar digər millətlər kimi müstəmləkəçilik təfəkkürü ilə bu torpaqları işğal etməmiş, heç bir zorakılıq və təzyiqə əl atmadan dinlərini yaymağı və müsəlman dünyasını gücləndirməyi qarşılarına məqsəd qoymuşdular. Avropalı güclər ələ keçirdikləri torpaqlarda yaşayan xalqları özlərindən aşağı səviyyəli, bir növ ikinci dərəcəli insanlar kimi dəyərləndirib qəddar və zalım siyasət yeridir, osmanlılar isə sahib olduqları Quran əxlaqına görə hər millətdən olan insana qarşı ədalətli, tolerant və mərhəmətli davranırdılar.


Avropalı dövlətlər bu ölkələrin bütün yeraltı sərvətlərini ələ keçirib xalqlarını yoxsullaşdırmış, Osmanlı və ya Səlcuqlu dövlətini idarə edən türklər getdikləri ölkələrə zənginlik, rifah və mədəniyyət aparmışdılar. Fəth edilən ölkələrdə məscidlər, mədrəsələr, karvansaraylar, körpülər tikdirmiş, su kanalları çəkdirmiş, məhv etməyi, dağıtmağı deyil, yenidənqurmanı hədəfləmişdilər. M. Baudierin “Türklərin din tarixi” (Historie de la Religion des Turcs) adlı əsərində “Türklər mərhəmət, şəfqət və insanlara yardım etməkdə bütün millətlərdən, hətta xristianlardan da üstündürlər” sözləri ilə bildirdiyi kimi, türk milləti fəth etdiyi torpaqlarda yaşayan insanlara gözəl əxlaqları ilə nümunə olmuşdur.


Əvvəlcədən bildirdiyimiz kimi,  müsəlman türklər fəth etdikləri ölkələrin xalqlarına, həyat tərzlərinə, inanclarına və dünyagörüşlərinə hörmət etmişdilər. Fəth etdikləri yerlərdə yaşayan insanların onlara Allahın əmanəti olduğunu düşünən, əsir aldıqları insanlara belə insanpərvərliklə yanaşan türk sultanlarının öhdəlikləri arasında bu xalqları himayə etmək, kimsənin onlara zülm etməməsini təmin etmək vardı. Allah “İnsan” surəsinin 8-ci ayəsində möminlərin özləri ehtiyac içində olarkən belə yeməyi əvvəlcə əsirlərə yedirdiklərini bildirir. Bu, İslam əxlaqına uyğun yaşayan müsəlman hökmdarların fəth edilən torpaqlarda yaşayanlara qarşı bütün davranışlarını formalaşdıran çox mühüm əxlaqi xüsusiyyət olmuşdur. Belə ki, düşmənlərindən qaçaraq Osmanlı imperiyasına sığınan İsveç kralı XII Şarlın (Dəmirbaş Şarl) bir yaxınına yazdığı məktubdakı sözləri də müsəlman türk millətinin insanpərvər, gözəl əxlaqlı münasibətini ifadə edir:


Şəfqətin,  comərdliyin, əsalətin, nəzakətin əsiriyəm. Türklər məni məhz bu cür almaz iplə sarıdılar. Bu qədər şəfqətli, bu qədər nəzakətli millətin arasında azad əsir kimi yaşamaq bilsəydin nə qədər şirindir...
Girdikləri  hər torpağa mütləq əmin-amanlıq və asayiş aparan müsəlman türklər əsasən özlərindən əvvəlki xristian idarəçilərin təzyiqindən və zülmündən sıxıntı çəkən xalq tərəfindən coşğun sevgi və hörmətlə qarşılanmışlar. Osmanlı dövləti qurulduğu dövrdən etibarən fəth etdiyi torpaqlardakı xristian təbəə ilə həmişə yaxşı əlaqələr qurmuş, onların rəğbətini qazanmışdır. Məsələn, Bursanın fəthindən sonra şəhəri niyə təslim etdiklərini soruşan Orxan Qazinin rumlardan aldığı cavab çox təəccüblüdür:


Sizin dövlətinizin gündən-günə yüksəldiyini və bizim dövlətimizi ötüb keçdiyini anladıq. Atanızın hakimiyyəti altına daxil olub razı qalan kəndlilərin bizi artıq axtarmadıqlarını gördük və biz də bu rahatlığı istədik.


Osmanlıların Anadoluda olduğu kimi, Rumelidə və fəth etdikləri digər torpaqlarda da xristianların həyat və idarə tərzinə qarışmamaları, ağır vergilər altında əzilmiş xalqın yükünü yüngülləşdirmələri, mövcud qanunlar çərçivəsində heç bir yerli idarəçinin istədiyi kimi hökmranlıq etməsinə izin verməmələri yerli xalqın onlardan razı qalmasına səbəb oldu. Osmanlı dövləti himayəsi altındakı hər kəsin hüququnu zəmanət altına almışdı.


Qərb tarixçi və siyasətçilərinin qələmə aldığı əsərlərdə də Türk-İslam əxlaqının gətirdiyi ədalət və hüquq anlayışı təriflənmiş, müasiri olan digər sistemlərlə müqayisə edilərək Türk-İslam əxlaqının üstünlüyü dilə gətirilmişdir. Bunlardan ingilis tarixçi F. Dauni (F. Downey) “Böyük Türk, Möhtəşəm Süleyman” (The Grand Turc, Suleyman the Magnificent) adlı əsərində türklərin ədalətinə və mərhəmətinə sığınan insanlardan belə bəhs edir:

Bir çox xristian ədaləti ağır və qeyri-sabit olan xristian ölkələrindəki yurdlarını qoyub Osmanlı dövlətinə sığınırdılar.


Fransız tarixçi Fernar Qrenar (Fernard Grenard) isə türk dövlətçiliyinə olan heyranlığını bu sözləri ilə ifadə edirdi:

Osmanlı hökumətinin fəth edilən məmləkətlərə qarşı həddindən artıq liberal olduğunu qeyd etməmək olmaz. Türklər bu məmləkətlərin əhalisinin dillərinə, dinlərinə, hətta bəzən daxili idarəetmə sisteminə qarışmırdılar.


Məşhur tarixçi Oskar Kollinq (Oskar Kolling) isə Birinci Dünya Müharibəsindən sonra Balkan yarımadası xalqlarının düşdüyü vəziyyətdə Osmanlı hökumətinin üstün ədalət və hüquq anlayışını belə tərif edir:

"Bu qədim həqiqəti – Osmanlı-Türk ədalət sistemini – Avstriya-Macarıstan imperiyasının süqut etdiyi 1918-ci ildə qonşu millətlər bizə yenidən xatırlatdılar. XVI əsrdən 340 il sonra humanizm dövründə Macarıstan sərhədində eyni hadisə baş verdi. Lakin müqayisə etdikdə XVI əsr türk hökmdarlarının zəif xalqın hüququnu qoruma cəhdləri qarşısında baş əymək istəyirik.


Kollinq bu sətirlərin ardınca dövrün Avropa dövlətləri ilə Türk dövləti arasındakı anlayış fərqini də belə ifadə edir:

... Avropada sülh dövründə belə inkviziya məhkəmələri və edam kürsüləri fəaliyyətdə idi. Xüsusilə muzdlu əsgərlərdən təşkil edilmiş ordu toplandıqda xalq bütün malı ilə birlikdə zülm alətinə çevrildi. Onlar heç bir vicdan əzabı çəkmədən öz vətəndaşlarını soyur, əzir, öldürürdülər. Halbuki türk hökmdarları həqiqətən xalqın həyatı ilə maraqlanırdılar. Göndərdiyimiz vəsiqə surətləri də şübhəyə yer qoymadan bunu göstərir.


Şübhəsiz ki, Osmanlının əsrlər boyu ədalət anlayışında heç bir dəyişiklik olmamasının ən əsas səbəbi bu anlayışı Quran əxlaqından öyrənməsi və Qurana olan bağlılığıdır. Quranda tərif edilən ədalət anlayışı müsəlmanları, qarşı tərəfə qəzəblənsələr də, qəzəblərini cilovlayıb ədalətli olmağa sövq edən anlayışdır.


Ayədə belə buyurulur:

 

Ey iman gətirənlər! Allah xatirinə ədaləti qoruyan şahidlər olun. (Hər hansı bir) camaata qarşı olan kin-küdurət sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun! Bu, təqvaya daha yaxındır. Allahdan qorxun! Şübhəsiz ki, Allah nə etdiklərinizdən xəbərdardır. (Maidə surəsi, 8)

 

Ona görə bu gün sözügedən ərazidə yaşayan millətlərin hamısı türklərin ədalətinə, tolerantlığına və onlar üçün təmin etdiyi sülh mühitinə şahid olublar. Bu vəziyyət hər dindən və millətdən olan insanın türklərin idarəçiliyindən razı olmasına səbəb olmuşdur. Dövrümüzdə isə illərdən bəri bu torpaqlarda davam edən müharibə, çaxnaşma və qarışıqlığa görə rahatlığa, əmin-amanlığa və sülhə həsrət qalmış qadınlar, uşaqlar, qocalar yeni “Osmanlı”nın həsrətini çəkirlər.