Mirasımızdan irəli gələn tarixi məsuliyyət

Buraya qədər təhlil etdiyimiz faktlardan göründüyü kimi, Türkiyə həm coğrafi və strateji mövqeyinə, həm də tarixi mirasına görə Balkan ölkələrinin, Qafqazın, Orta Şərq və Mərkəzi Asiyanın gələcəyində liderliyi üzərinə götürəcək ölkədir. Milyonlarla insanın həsrətini çəkdiyi sülh və əmin-amanlıq mühitini təmin edəcək zəngin tarixi təcrübəyə malikdir. Coğrafi mövqeyi etibarilə həm asiyalı, həm avropalı, həm də yaxın şərqlidir. Tarixi mirası etibarilə də bütün bu ərazilərdə böyük təsirə və gücə malikdir. Yüzlərlə müxtəlif mədəniyyətin və etnik qrupun yerləşdiyi bu torpaqlarda Osmanlı mirasının varisi kimi söz sahibidir. Belə ki, soyuq müharibədən sonra təsis edilən yeni dünya nizamında, başda Amerika olmaqla, bir çox ölkənin tələbi ilə Türkiyə sözügedən torpaqlarda aktiv rol oynamağa məcbur olmuşdur.


Türkiyənin tarixi mirasına, siyasi, hərbi, iqtisadi potensialına görə bir çox qərb ölkəsi bu bölgədəki strategiyalarının Türkiyəmərkəzli olmasının labüdlüyünü dərk edir. Belə ki, ABŞ-nın keçmiş prezidenti Bill Klinton 1999-cu ilin sonlarında Corctaun Universitetində söylədiyi nitqində bu fikri dəstəkləyir. Bir anda bütün dünya ölkələrinin diqqətini yenidən Türkiyəyə çəkməsinə səbəb olan bu məşhur nitqində Klinton xüsusilə “XX əsrdə Osmanlının süqutu iz qoyduğu kimi, XXI əsrdə də Türkiyənin aparıcı rol oynayacağı” mənasını verən sözləri çox mühüm qənaətə gəldiyinə işarə edir. Klintonun bu sözlərindən “Türkiyə, Avropa, Asiya və Afrikanı əhatə edən milyonlarla km2-lik sahədə dünya siyasətinin mərkəzi olan bir bölgədə söz sahibi ölkə olduğu üçün XXI əsrin formalaşmasında kilid rolu oynayacaq” şəklində nəticə çıxara bilərik (Bill Klinton 1999-cu ilin oktyabr ayında Türkiyə səfəri zamanı TBMM-də söylədiyi nitqində bu fikirlərə yer vermişdir). ABŞ kimi super gücün liderinin Türkiyə üçün XXI əsrdə bu cür diaqnoz qoyması, şübhəsiz, diqqət çəkicidir.


Bu gün sözügedən bölgələrdə əmin-amanlığın bərqərar edilməsinin yeganə yolu Türkiyənin varisi olduğu Türk-İslam əxlaqı ilə yoğrulmuş “Osmanlı millət sistemi”nin hakim olduğu anlayışın formalaşdırılmasıdır. Əvvəlki bölmələrdə ətraflı izah etdiyimiz kimi, Osmanlı millət sistemində dövlətin müdafiəsinə sığınan hər millət və ya etnik qrupa öz inanc və adət-ənənələrinə uyğun yaşamaq hüququ verilir və əsas hüquqları qorunurdu. Türklər istər Balkan yarımadasında, istər Qafqazda, istərsə Yaxın Şərqdə heç bir ölkədə heç kimi dinini və adət-ənənələrini dəyişdirməyə məcbur etməmiş və heç kimə dininə görə zülm etməmiş, kimsəyə xor baxmamışdılar. Hər dindən, məzhəbdən olan vətəndaş istədiyi kimi ibadət etmiş, öz adət-ənənələrini həyata keçirməkdə kimsə digərinə qarışmamışdır. Ona görə də xarici qüvvələr tərəfindən ölkə hücuma məruz qaldıqda bu torpaqlarda yaşayanlar sevərək könüllü surətdə Osmanlı hökumətinin tərəfində olmuşlar. Beləliklə, xarici təhlükəsizlik və iqtisadiyyat başda olmaqla, bir çox sahədə təbii ittifaq əmələ gəlmiş, həm Osmanlı dövlətinin, həm də tabeçiliyindəki xalqların təmin etdiyi sağlam birlik qurulmuşdur.


Avstriyalı türkoloq Anton Komelers Şendinger (Anton Comelers Schaendinger) də türklərin dövlətçilik anlayışını və bu anlayışın dünyanın bir çox yerinə gətirdiyi rifah və əmin-amanlığın başqa heç bir hökmdarın dövründə təmin edilmədiyini belə ifadə edir:

İsgəndər Şərqə və Hində qədər, Dara Şərqdən Qərbə qədər əraziləri tutdu. Çingiz xan Avropanın mərkəzinə at çapdı. Lakin heç biri Osmanlı türkləri kimi digər insanların mədəniyyətinə və din azadlığına hörmət etmədilər. Osmanlılar xariqüladə nizam-intizamla əsrlər boyu qeyri millətlərdən olan insanlarla sülh şəraitində yaşadılar. Ona görə də dörd əsr Avropada qala bildilər.


Anton Şendinger kimi türklərə heyran qalan başqa bir tarixçi yunan əsilli Mişel de Qrisin (Michel de Greece) sözləri isə çox diqqətçəkicidir. Osmanlının Balkan yarımadasından geri çəkilməsi ilə başlayan çətin, sıxıntılı günlərə bəlkə də ulu babalarının şəxsən şahid olduğu Qris bugünkü qarışıqlığı nümunə göstərərək bu torpaqlar üçün yeganə həll yolunun Osmanlı kimi idarəçilik sistemi olduğunu izah edir:
Osmanlı dövlətinin süqutuna görə çox kədərlənirəm. Çünki Osmanlı dövləti dünyanın müvazinətini saxlayan qüvvə idi və sevilsə də, sevilməsə də, Osmanlının süqutundan etibarən Balkan yarımadasında və Yaxın Şərqdəki çaxnaşmalar bitmir.


Balkan yarımadasında yaşayan, bu torpaqların təbiətini və keçmişini yaxşı bilən bir tarixçinin bu qənaətə gəlməsi çox mühümdür.
Türkiyə eynilə Osmanlının etdiyi kimi, Balkan yarımadası və Yaxın Şərqdəki müxtəlif etnik qrupları və dinləri müdafiə edən strategiya qurmalıdır. Bu strategiyanın əsasını Türk-İslam mədəniyyətinin və köklü sivilizasiyamızın yenidən kəşf edilməsi təşkil etməlidir. Belə ki, bu torpaqlarda siyasi cəhətdən olmasa da, mədəni cəhətdən türk hakimiyyəti hələ də davam edir, xüsusilə Balkan ölkələrində və Qafqazda müxtəlif millətlərə mənsub bir çox müsəlman özünü türk-osmanlı hesab edir.


Bir çox tarixşünas və siyasətçi də bu faktı qəbul edir və məqalələrində bu cəhətə diqqət çəkirlər. Bu şəxslərdən biri bütün dünyada məşhur olan Yaxın Şərq üzrə mütəxəssis Prof. Dr. Edvard Saiddir. Qüdslü xristian ailəyə mənsub olan Edvard Said İsrail “Ha’aretz” qəzetində dərc olunan bir müsahibəsində Yaxın Şərqdə daimi sülhün bərqərar edilməsi üçün “Osmanlı Millət Sistemi”ni məsləhət görmüşdür.29 Ari Şavitin (Ari Shavit) aldığı bu müsahibədə Osmanlı Millət Sistemini labüd hesab edən Edvard Said bu məsələdə haqlıdır. Çünki tarix boyu Yaxın Şərq və Balkan yarımadasında ən uzunömürlü hökumətlər Osmanlı dövründə qurulmuş, romalıların belə təmin edə bilmədiyi daimi sülh və birlik müsəlman türklər tərəfindən əsrlər boyu qorunmuşdur.


Prof. Dr. Edvard Saidin Yaxın Şərqdə sülhün bərqərar olunması üçün göstərdiyi həll yolunu məşhur tarixçi Ceyson Qudvin (Jason Goodwin) “Nyu York Taymz”dakı (New York Times) “Osmanlıdan öyrənəcəklərimiz” başlıqlı məqaləsində Balkan yarımadası üçün məsləhət görür. Osmanlının Balkan yarımadasında din, dil və etnik fərqlərin çox olmasına baxmayaraq, hökmranlıq etdiyi XIV əsrdən XIX əsrə qədər heç vaxt hüquqları məhdudlaşdırmadığını və bu şəkildə sabitliyi və nizam-intizamı təmin etdiyini söyləyən Qudvin bu gün bu bölgədə sülhü bərqərar etmək üçün buraya hərbi qüvvələr toplamağı vacib bilən qərb dövlətlərinin Osmanlıdan öyrənəcəkləri çox şey olduğunu ifadə edir.


Məlumdur ki, təqribən son 50 il boyu dünyanın ürəyi “Osmanlı hinterlandı” adlandırılan Yaxın Şərqdə döyünür. Əgər bu bölgədəki məsələyə qarışan ölkələr bu gün dünyanın gələcəyində bu qədər həyati əhəmiyyətə malikdirlərsə, onda Osmanlının varisi olan Türkiyə cümhuriyyətinin də bu prosesdə kilid rol oynaması labüddür.

 

Bunu da qeyd etməliyik ki, bu kitabda izah edilən strategiya Osmanlı dövlətinin yenidən qurulması deyil. Əsas odur ki, Osmanlı millət və dövlət anlayışının hakim olduğu, insanların dost və qardaş kimi yaşadığı sülh və əmin-amanlıq şəraitinin yenidən təmin olunsun, güclü iqtisadi və siyasi birlik təsis edilsin. Çünki Osmanlı idarəçiliyi və təcrübəsi qarşıdurmaların mərkəzinə çevrilmiş bu bölgəyə sülhün və əmin-amanlığın gətirilməsinin mümkün olduğunu bizə göstərir. Bu gün birlik qurmaq üçün atılan konkret addımlar bölgə dövlətləri tərəfindən də qəbul ediləcəkdir. Habelə, bu birlik dünyanın ən qabaqcıl mədəniyyətini, ən zəngin torpaqlarını və üstün sivilizasiyasını ehtiva edən XXI əsrə damğasını vuracaq birlik olacaqdır. Bu birliyə liderlik edən yeganə millət isə, şübhəsiz ki, Osmanlının sələfi olan türk millətidir.