Yaxın şərqə sülh gətirmək

Yaxın Şərq bəlkə də dünya coğrafiyasının ən mürəkkəb, ən problemli və mühüm bölgəsidir. XX əsrin ən dəyərli sərvətinə çevrilmiş neftin yüksək miqdarda çıxarılması ilə əhəmiyyət qazanan Yaxın Şərq keçən əsrin əvvəllərindən bəri dünyanın qeyri-sabit, qanlı bölgələrindən biri olmuşdur. Müharibə, terror, qırğın, qarşıdurma Yaxın Şərq xalqının gündəlik həyatının bir hissəsinə çevrilmişdir.


Müsəlmanların, xristianların və yəhudilərin müqəddəs yerlərinin yerləşdiyi bu torpaqlar 1517-ci ildə Yavuz Sultan Səlimin fəthi ilə Osmanlı torpaqlarına qatılmış, XIX əsrin əvvəllərinə qədər də Osmanlı hakimiyyətində qalmışdır. Eyni illərdə Hicaz torpaqlarının da Osmanlı ərazisinə əlavə edilməsi ilə bölgədə türklər tam hakim olmuşlar.


Türk hakimiyyəti ilə birlikdə bölgəyə sakitlik, bolluq və firavanlıq gəlmişdir. Başda Qanuni Sultan Süleyman olmaqla, bütün türk sultanları Qüds torpaqlarına xüsusi qayğı göstərmiş, imperiyanın ən çətin və sıxıntılı günlərində belə bu bölgəyə etinasız yanaşmamışlar. Qurulan təşkilatlar və təhsil müəssisələrinin köməyi ilə xalqın maddi vəziyyəti qədər mədəni səviyyəsinin də qaldırılması üçün səy göstərmiş, bölgədə köklü türk-İslam mədəniyyəti qurmuşlar. Dövrümüzdə bu bölgədə yaşayan xalq hələ də özünü Osmanlı-türk mədəniyyətinə yaxın hiss edir. Yaxın Şərqdə türk-Osmanlı mədəniyyəti, memarlığı, sənətkarlığı hələ də varlığını qoruyur.


Hər üç dinin mərkəzi olan Qüdsün ən uzun sabitlik dövrü Osmanlının hakimiyyəti illərində olmuş, Qüds xalqı 400 il ədalət, sülh və əmin-amanlıq içində yaşamışdır. Xristianlar, yəhudilər və müsəlmanlar öz inanclarına və məzhəblərinə uyğun, istədikləri kimi ibadətlərini yerinə yetirmiş, öz adət-ənənələrini davam etdirmişlər.


Ancaq bu torpaqların Osmanlının əlindən çıxması ilə əvvəlcə müstəmləkəçi dövlətlərin, daha sonra 1948-ci ildə qurulan İsrail dövlətinin tətbiq etdiyi işğalçı siyasət təqribən 100 ildən bəri bölgədə sakitliyə son qoymuşdur. XIX əsrin ikinci yarısında və XX əsrin əvvəllərində Balkan yarımadasındakı vəziyyətə bənzər hadisə Yaxın Şərqdə baş vermişdir. Osmanlını bu bölgədən uzaqlaşdırmaq və bölgədəki izlərini silmək istəyən qüvvələr araya girmiş və Balkan yarımadasındakı kimi parçalama siyasətinə əl atmışlar. Xüsusilə, İngiltərə və Fransanın müdaxilələri Yaxın Şərqi sonu olmayan qarışıqlığın içinə sürükləmişdir. Yaxın Şərqin ən zəngin neft yataqlarının aşkar edilməsi isə bu ərazini bölüşdürmə yarışını sürətləndirmişdir. İki ölkə arasındakı gizli Sayks-Pikot sazişi Fransa və İngiltərənin bu gizli planlarını sənədləşdirmişdir.

 

1916-cı ildə İngiltərənin təmsilçisi Ser Mark Sayks ilə Fransanın təmsilçisi M. F. Jorj Pikot arasında imzalanmış saziş Osmanlı torpaqlarını İngiltərə, Fransa və Rusiya arasında bölüşdürərkən eyni zamanda Fələstin üçün də beynəlxaq status müəyyənləşdirirdi. Bu, yaxında qurulacaq İsrail dövləti üçün ilk addım idi.