Yaxın şərqə terror toxumlarının səpilməsi...

Sayks-Pikot sazişi imzalandığı dövrdə eyni zamanda bölgədə yəhudi dövlətinin qurulması üçün səy göstərilirdi. B.e. 70-ci ildə bu torpaqlardan sürgün edildikdən sonra dünyanın hər tərəfinə yayılan yəhudilərin Fələstin xəyalı tarixin heç bir dövründə sönməmişdi. 1890-cı ilin əvvəllərində əslində jurnalist olan Teodor Herzlin rəhbərliyi ilə başlayan “sionizm” hərəkatı dünyaya yayılmış yəhudilərin yenidən Fələstinə qayıtmaları və müstəqil dövlət qurmaları üçün fəaliyyətə başladı. Herzl 21-31 avqust 1897-ci ildə Baseldə təşkil etdiyi Birinci Sionist Konqresində əsas hədəf və metodları müəyyən etdi. Bu məqsədlə təşkilatlar toplandı, fondlar quruldu və çox yaxşı təşkilatlanmış “lobbiçilik” fəaliyyətə başladı (mövzu haqqında ətraflı məlumat üçün bax: “Yeni Masonik Düzen”, Harun Yahya, Araştırma Yayıncılık, 5-ci nəşr, avqust 2003)


Burada bunu bildirmək lazımdır ki, yəhudilərin əcdadlarının yaşadığı Fələstin torpaqlarına qayıtma və burada yerləşmə arzuları qanuni tələbdir. Ancaq bu qanuni tələb yerinə yetirilərkən başqa insanlar zərər çəkməməli, evlərindən, yurdlarından məhrum olmamalı, sülh şəraitində yaşamalıdır. İsrail qurulduqda radikal sionistlərin üsyanları ilə haqqa və ədalətə uyğun olmayan hadisələr baş vermişdir. Ancaq bu hadisələrə görə bütün yəhudi xalqını təqsirləndirmək çox yanlışdır. Müsəlmanlar inanclarına uyğun olaraq tolerant, ədalətli və mərhəmətlidirlər. Fələstin torpaqlarında son əsrdə baş verən hadisələri Quran əxlaqına uyğun dəyərləndirmək lazımdır.


1917-ci ildə İngiltərə Xarici İşlər naziri Ceyms Balfur sionistlərin qabaqcıl nümayəndələrindən Edmond de Rotşildə göndərdiyi məktubda “Əlahəzrət kral hökumətinin Fələstində yəhudi vətəni qurulmasını dəstəklədiyini” bildirir, beləcə, beynəlxalq arenada İsrail dövlətinə yol açırdı. Bu vəd Fələstinin Birinci Dünya Müharibəsinin sonunda Osmanlının hakimiyyəti altından çıxması ilə yerinə yetdi. 1918-ci ildə Osmanlı əsgərləri Fələstindən çəkildi və bölgə ingilislərin hakimiyyətinə keçdi. Bu yeni hakimiyyət ilə bölgə bir əsrdən bəri davam edən qarşıdurmanın içinə düşmüşdür. 1880-1918-ci illər arasında Fələstinin 24 minlik yəhudi əhalisinin sayı 65 minə çatır və beləliklə, qeyri-qanuni yolla yurdlarından çıxarılan ərəblərlə yəhudilər arasında gərginliklər artmağa başlayırdı. Bölgədə müntəzəm artan yəhudilərin sayı İkinci Dünya Müharibəsində əhalinin dörddə birini təşkil edirdi.


Ərəblər, ingilislər və yəhudilər arasında illərlə davam edən qarşıdurmalarla bağlı 1947-ci ildə BMT iclaslara başladı və qurulan xüsusi komissiya Fələstinin yəhudi və ərəblər arasında bölünməsini, Qüdsə isə beynəlxalq statusun verilməsini təklif etdi. Ancaq bu təklif ərəb dövlətləri tərəfindən qəbul edilmədi. Sionistlərin 1948-ci ildə müstəqil dövlətlərini elan etmələri ilə birlikdə 50 ildən çox davam edən müharibələrə zəmin hazırlandı.


Sionizm üzərində inşa edilmiş İsrail əvvəl 1948-ci ildə, daha sonra 1967-ci ildə ərəb torpaqlarını işğal etdi və iki mərhələdə Fələstini tamamilə ələ keçirdi. 3.5 milyon fələstinli qaçqın düşdü. İllərlə davam edən müharibələr nəticəsində minlərlə günahsız insan həyatını itirdi. İsrailin qurulmasından etibarən dövlət idarəçiliyində təsirli olan bəzi radikal sionistlər terror və zorakılığı dövlətin siyasətinə çevirmiş və təkcə işğal edilmiş torpaqlarda deyil, bütün Yaxın Şərq coğrafiyasında terror və anarxiyanın baş aktyoruna çevrilmişdilər.


Bu terror hələ də davam edir. Qadınlara, uşaqlara, yaşlılara aman vermədən qətliamların həyata keçirildiyi Fələstin torpaqlarında 11-12 yaşlı uşaqların gülləyə, raketə, hava hücumlarına qarşı daş və dəyənəklərlə müqavimət göstərməsi artıq adət halını almış mənzərələrə çevrilmişdir. Hələ 15 yaşı olmayan uşaqları israilli əsgərlər avtomatlarının qundağı ilə bərk döyür, məktəblərinə güllə yağışı yağdırır, uşaqların atdığı daşlara güllələrlə cavab verir, beləcə, uşaqların çoxu şikəst olur və ya həyatını itirir. Ancaq televiziya kameralarından dünya ictimaiyyətinə əks olunan bu görüntülərdən daha betər terror anlayışı var. 1948-ci ildə ərəb kəndi olan Deir Yassinə İsrail terror təşkilatı Stem tərəfindən təşkil edilmiş hücumun izləri hələ də yaddaşlardan silinməmişdir. Hamilə qadınlar və uşaqlar da daxil olmaqla, 280 nəfər kəndlinin küçələrdə gəzdirildikdən sonra güllələndiyi Deir Yassində gənc qızlara təcavüz edilmiş,  kişilərin cinsiyyət orqanları kəsilmişdir. Bu terror hadisəsinə dair hesabatda ortadan iki yerə parçalanmış qız uşağından belə bəhs edilir. 6 ay ərzində ərəb kəndlərinə edilmiş bu cür çoxlu hücumlar nəticəsində  400 minə yaxın ərəb yurd-yuvasını tərk etməyə məcbur olmuşdur.

 

Radikal sionistlər bölgədə ideologiyalarına uyğun olaraq həyata keçirdikləri terror və təzyiq siyasətini gizli və açıq şəkildə davam etdirirlər. Digər tərəfdən, bölgədəki digər dövlətlərin də daxili problemləri, bir-birlərinə dəstək olmamaları,  zəif iqtisadiyyata malik olmaları bu siyasətə qarşı təsirli güc təşkil etmələrini qeyri-mümkün edir. Yaxın Şərq dövlətləri yeganə ideal və prinsip uğrunda onları birləşdirəcək və idarə edəcək bir gücü gözləyirlər. Bu güc isə tarixi mirasa malik Türkiyənin əlindədir. Çünki Türkiyənin bütün bölgə dövlətləri üzərində xüsusi təsiri var. Ancaq Birinci Dünya  Müharibəsi zamanı bu bölgədə tətbiq edilən siyasətin izləri hələ də durur.