Xilaskarını gözləyən Qafqaz və Mərkəzi Asiya

Türkiyə üçün Yaxın Şərq və Balkan yarımadasındakı tarixi üstünlük Qafqaz və Mərkəzi Asiyaya da aiddir. Türkiyə bu bölgədə böyük potensial nüfuza malikdir. Qafqaz tarix boyu rus zülmündən qaçaraq Osmanlıya sığınmış müsəlman xalqların diyarıdır. Mərkəzi Asiya isə Osmanlı torpağı olmasa da, türk olduğuna görə Türkiyəyə bağlıdır. Buna görə türk millətinin aydın gələcəyi müəyyən edilərkən başda türk-rus münasibətləri olmaqla, bu coğrafiyanın tarixi arxa planının təhlil edilməsi faydalı olacaq.

SSRİ-nin süqutundan sonrakı Qafqaz xəritəsində Türkiyə ilə yaxından əlaqədar olan bölgə meydana gəlmişdir. Çünki müstəqilliklərini bir-bir elan edən müsəlman-türk dövlətləri ilə Türkiyə arasında din, dil, mədəni və tarixi cəhətdən çox güclü əlaqələr var. Habelə, siyasi və iqtisadi gücü, demokratik, müasir kimliyi ilə Türkiyə Mərkəzi Asiya dövlətləri üçün nümunədir, hətta bu dövlətlər tərəfindən “böyük qardaş” qəbul edilir. Ancaq bu əlaqələri daha da möhkəmləndirərək bölgədə güclü Türk Birliyi qurmaq gündəmə gəldikdə Türkiyənin qarşısına mühüm maneələr çıxır.

 

Osmanlıya bağlı rus təbəəsi

Rusiyanın tarix boyu izlədiyi ekspansionist (sərhədləri genişləndirmə) siyasət Qafqazda yaşayan müsəlman xalqına çox təsir etmişdir. Xüsusilə XIX əsrdən etibarən Qafqaz Rus ekspansionizminə məruz qalmışdır.


Rusların qəsdən və məcburi tətbiq etdikləri deportasiya və sürgün siyasətinin kökündə bu torpaqlarda potensial müsəlman birliyinə maneçilik məqsədi dururdu. Çar rejiminin hakimiyyəti altında yaşayan müsəlmanlar isə hər zaman özünün Anadolu müsəlmanlarına, yəni Osmanlıya daha yaxın hiss etmişdir.

 

Həm türklərin ədalət və tolerantlıq anlayışı ilə yaxından tanış olmaları, həm də din birliyi rus təbəəsi olan xalqların tez-tez Osmanlının mərhəmətinə, ədalətinə və nizamına sığınmasına səbəb olmuşdur.